Xəbərlər

İƏT gərargahında Ekspo 2025 Ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirildi

Dekabrın 21-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İslam Əməkdaşlığı Təşkilatının (İƏT)  mənzil qərargahında  Bakı şəhərinin Ekspo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) namizədliyi ilə bağlı təqdimat keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, İƏT katibliyinin yüksək rütbəli rəsmiləri və digər qonaqlar iştirak edib. 

Mərasimi giriş nitqi ilə açan Azərbaycanın Səudiyyə Ərəbistanı  Krallığındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev Azərbaycan və İƏT arasında  inkişaf etməkdə olan sıx münasibətlər barədə danışıb. Səfir Rasim Rzayev çıxışı zamanı ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini xüsusi vurğulayıb və bununla bağlı keçirilən tədbirlər haqqında bəhs edib.

Əsas təqdimatla çıxış edən  Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakı şəhərinin Ekspo 2025 Ümumdünya ev sərgisinə namizədliyi,  bu istiqamətdə görülmüş və həyata keçiriləcək işlər barədə məlumat verib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi 2017-ci ilin May ayında  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Beynəlxalq Sərgilər Bürosuna (BSB) müvafiq məktubun göndərilməsi ilə başlayıb. 

Elçin Əmirbəyov Ekspo 2025 Ümumdünya sərgisi ilə bağlı qısa müddət bundan öncə Azərbaycan Respublikasının maliyyə naziri cənab Samir Şərifovun sədrliyil ilə İşçi Qrupu, Bakida və Parisdə Əməliyyat katibliklərinin yaradıldığını diqqətə çatdırıb. O çıxışı zamanı Azərbaycanın Ekspo 2025 üçün təklif etdiyi İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olduğunu və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını vurğulayıb. Onun sözlərinə görə, Ekspo 2025 Bakı sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərinin müzakirəsi üçün universal platforma rolunu oynayacaqdır. Xüsusi vurğulanmışdır ki, Ekspo 2025 sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi çoğrafiya genişlənə bilər. 

Azərbaycanın Ekspo 2025 Ümumdünya Sərgisinə ev sahibliyi etmək niyyəti ölkəmizin milli inkişaf strategiyasından irəli gəlir.   Ekspo Sərgisinə ev sahibliyi etməsi ilə Azərbaycan öz iqtisadiyyatının,  təhsil, səhiyyə və iş sektoruna yatırılan sərmayələr nəticəsində insan kapitalının daha da gücləndirilməsinə nail olacaq. Ekspo 2025 Ümumdünya sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərəcəkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi İƏT üzv-ölkələrinin nümayəndələrinə müraciət edərək, Azərbaycanın Ekspo 2025 layihəsinə dəstək göstərilməsinə yardımçı olmağa çağırmışdır. 

Səfər çərçivəsində E.Əmirbəyov İƏT-nın baş katibinin müavini Həmid Opeloyeru ilə də görüşüb Baki Ekspo 2025 layihəsi ətrafında fikir mübadiləsi aparmışdır.

"Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd şəhər Bakının təqdimatı keçirildi

Dekabrın 14-də möhtəşəm Heydər Əliyev Mərkəzində Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi  ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndəlikləri üçün təqdimat keçirilib. 

Təqdimat mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov və “Ekspo 2025  Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster çıxış ediblər.
Çıxışlar zamanı toxunulan əsas məqamlar:

  • Ekspo 2025 Bakı Azərbaycana və digər iştirakçı ölkələrə hansı töhfələri verəcək 

 

  • Azərbaycanın bundan öncəki Ümumdünya Ekspo sərgilərində iştirakı

 

  • Ekspo 2025 Bakınin əsas mövzusu: “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” və alt mövzular: “İstedad: Təhsilin gələcəyi”, Sağlamlıq: Səhiyyənin gələcəyi, Nailiyyət: Məşğulluğun gələcəyi

 

  • Azərbaycan üçün Ümumdünya Ekspo sərgisinin müsbət tərəfləri

Dimitri Kerkentzes: "Azərbaycan “Expo-2025” üçün yeni və çox maraqlı bir məkandır"

“Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının bu layihəyə hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədilə Azərbaycana səfər edən Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes jurnalistlərlə  görüşüb. Baş katibin müavini  müsahibəsində deyib ki, Azərbaycan Ümumdünya “Ekspo-2025” Sərgisi üçün yeni və çox maraqlı bir məkandır.
Səfər çərçivəsində “Bakı Ekspo-2025”ə məsul olan bir sıra rəsmilərlə, o cümlədən biznes, gənclər, könüllülər və digər sahələrə cavabdeh olan şəxslərlə görüşdüyünü deyən D.Kerkentzes vurğulayıb ki, Bakı ev sahibliyi uğrunda mübarizədə var gücü ilə çalışır.
Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini qeyd edib ki, mart-aprel aylarında Büronun qiymətləndirmə missiyasının hazırlıq prosesi ilə yaxından tanış olmaq üçün Bakıya səfəri gözlənilir.
D.Kerkentzes deyib ki, Beynəlxalq Sərgilər Bürosu üçün Bakının namizədliyi sadəcə olaraq şəhər namizədliyi deyil, həm də şəhər sakinlərinin, eyni zamanda, gənclərin bu layihəyə marağının nümayişidir. Dimitri Kerkentzes vurğulayıb  ki, bu mübarizəyə ilk dəfə qoşulan Azərbaycan özünəməxsus zəngin təbiəti, mədəniyyəti, qədim tarixi, Avropa ilə Asiya arasında böyük İpək Yolunun üstündə yerləşməsi, dini tolerantlığı ilə “Ekspo” ailəsi üçün kifayət qədər cəlbedici ölkədir.
Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes jurnalistlərlə görüşdən sonra “Bakı Ekspo -2025”in “Arzular kitabı”na ürək sözlərini yazdı.

Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes ilə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti noyabr ayında Parisdə Bakının Ümumdünya “Ekspo-2025” sərgisinə namizəd şəhər olması ilə bağlı qəbulun təşkil edildiyini, həmçinin Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Ekspo 2025”in təqdimatının keçirildiyini xatırlatdı. Mehriban Əliyeva məmnuniyyətlə qeyd etdi ki, ölkəmiz son illər Beynəlxalq Sərgilər Bürosu ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanın beynəlxalq sərgilərdə uğurla iştirak etd169iyini deyən Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzesin bu sərgilərin keçirilməsinə dəstəyini xüsusi vurğuladı. Ümumdünya “Ekspo-2025” üçün Bakının da öz namizədliyini irəli sürdüyünü deyən Birinci vitse-prezident ölkəmizin bu sahədə zəngin təcrübəsini qeyd etdi. Bildirdi ki, son illərdə Bakı bir neçə beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. “Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi göstərir ki, ölkəmiz “Ekspo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq”, - deyən Mehriban Əliyeva “Ekspo-2025”in Bakıda təşkili təşəbbüsünün həm dövlət qurumları, həm hökumət, həm də cəmiyyət tərəfindən dəstəkləndiyini vurğuladı. Birinci vitse-prezident ölkəmizin sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusunun dünya üçün aktuallığını qeyd etdi. Dimitri Kerkentzesin ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini deyən Mehriban Əliyeva onun “Ekspo-2025” sərgisi ilə bağlı təkliflərinin və tövsiyələrinin ölkəmiz üçün çox faydalı olacağına əminliyini ifadə etdi. Bildirdi ki, gələn il ölkəmizi növbəti mərhələ - qiymətləndirmə missiyasını qəbul etmək və görülən işlər barədə məlumat təqdim etmək gözləyir. Bu baxımdan Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavininin ölkəmizə səfəri böyük əhəmiyyətə malikdir.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi. Dimitri Kerkentzes qeyd etdi ki, Azərbaycan dövlətinin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın Bakının “Ekspo-2025”ə namizədliyini irəli sürməsi ilə bağlı tədbirləri dəstəkləməsi Azərbaycanın bu layihəyə önəm verdiyini nümayiş etdirir.