Bakı Azərbaycan

Azərbaycan

Azərbaycan zəngin təbii sərvətləri, əsrlərə sığınan qədim tarixi və dünyaya məşhur qonaqpərvərliyi olan ölkədir. Əsrlər boyu Azərbaycan qitələrin  və mədəniyyətlərin qovuşağında yerləşərək, Avropa və Asiya ilə ticarət, siyasi və mədəni əlaqələrin qurulmasında körpü rolunu oynayıb. 

Göygöl, Azərbaycan
 
 

Bakı

Azərbaycanın paytaxtı Bakı şəhəri,  Xəzər dənizinin sahillərində yerləşən, müasirlik ilə qədimliyin vəhdət təşkil etdiyi, dünyanın ən gözəl şəhərlərindən biridir. YUNESKO-nun Ümumdünya İrsi siyahısına salınmış,  qədim tarixi olan  İçərişəhər müasir göydələnlərlə əhatə olunub.

Maraqlı mədəniyyəti, adətləri olan Bakı kəndlərini keçməklə paytaxtdan bir neçə saat aralı məsafədə yerləşən Qafqaz dağlarına çatmaq olar. Müxtəlif  mənbələrdən qaynaqlanan Şərqin tarixi mirasını və müasir memarlığın  son sözünü özündə cəmləşdirən Bakının arxitekturası onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

Dünya şöhrətli otellər şəbəkəsi, müasir brendlər, yüksək səviyyəli restoranlar və digər əyləncə mərkəzləri Bakıya təşrif buyuran qonaqlar üçün cəlbedici məkana çevirir. 

Şirvanşahlar sarayı, İçərişəhər, Bakı
 
 

Dünyanın önəmli şəhəri

Bakı dünya müstəvisində öz yeri olan mühüm şəhərlərdən biridir.  Açıq və tolerant mühiti ilə seçilən Bakı şəhəri, mədəniyyətlər arasında dialoq və əməkdaşlığın, eyni zamanda siyasi müzakirələrin aparıldığı, mədəni və dini liderlərin bir araya toplaşdığı qlobal mərkəzdir. Bakı, eyni zamanda, dünya şöhrətli layihələrə də yüksək səviyyədə ev sahibliyi etməyi bacarır. Şəhərimiz 2012-ci il Avroviziya mahnı müsabiqəsi, 2015-ci il İlk Avropa Oyunları, 2017-ci  il İslam Həmrəyliyi Oyunları və 2016-cı ildən başlayaraq Formula-1 Qran Pri kimi mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmişdir.

2025 Dünya Expo sərgisinin şəhərimizdə keçirilməsi, Azərbaycanın beynəlxalq səviyyəli mötəbər tədbirlərə ev sahibliyi etmək istiqamətində uğurla həyata keçirdiyi təcrübənin  məntiqi davamıdır.

Şahdağ, Azərbaycan