Bakının qədim tarixini özündə əks etdirən İçəri Şəhər YUNESKO-nun Ümumdünya İrsi siyahısına salınmışdır. Bakının ürəyi İçəri şəhərdirsə, onun ürəyi Qız Qalasıdır. Yaşının min ildən çox olduğu ehtimal edilən Qız Qalası və şəhərin bir sıra qədim tarixi abidələrinin 12-ci əsrdə inşa edildiyi bildirilir.
Azərbaycanın “Odlar diyarı” olması, yeni memarlıq tikilisinin ilham mənbəyinə çevrildi. Qədim tarixə malik İçərişəhərə yaxın yerdə ucaldılmış Alov Qüllələri Bakı şəhərinin simasına yenilik gətirdi.
Bakının işıqlandırma üslubu onu dünyanın ən parlaq və gözəl şəhərlərindən birinə çevirib. Qədim memarlıq sənətinə məxsus binalar və müasir dizayn vəhdət şəklində özünəməxsus gözəllik yaradır. Bu memarlıq incilərindən biri də, şəhərin mərkəzində yerləşən Hökumət evidir.
Paytaxt Bakıda təşkil olunan mötəbər tədbirlər və şənliklər zamanı Xəzər dənizi üzərində quraşdırılmış atəşfəşanlıq möhtəşəmliyi ilə göz qamaşdırır.
2016-cı ildən etibarən Bakı şəhəri Formula 1 Azərbaycan Grand Prix turnirinə ev sahibliyi edir. Məhz Bakı Şəhər Halqası dünyanın ən möhtəşəm treklərindən biri sayılır.
Heydər Əliyev Mərkəzi müasir incəsənət qurğusu olaraq bir çox mükafatlara layiq görülmüşdür. Dünya şöhrətli Zaha Hadid tərəfindən işlənilən və 2012-ci ildə tamamlanan bina müəllifin şah əsəri sayılır. Heydər Əliyev Mərkəzi Azərbaycanın müasir və qədim memarlıq üslubuna sədaqətini göstərir.
Qafqazın ən böyük şəhəri, Azərbaycanın paytaxtı Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Bura müasir, həyatın 24 saat dövr etdiyi bir şəhərdir. Dünya şöhrətli otellər şəbəkəsi, məşhur ticarət brendləri, yüksək səviyyəli restoranlar və canlı gecə həyatı şəhəri daim cəlbedici səyahət məkanı edir.
100 il bundan öncə salınmış Bakı bulvarı Xəzər dənizinin sahili boyunca uzanan məşhur bir gəzinti məkanıdır. 5 km ərazisi olan bu məkanda rəngarəng və gözəl mənzərəli bağlar, mədəniyyət və idman sahələrinə məxsus mərkəzlər, kafe, əyləncə parkları, ticarət mərkəzləri, musiqili fəvvarələr və digər məkanlar yerləşir.
Bir çox mötəbər tədbirlərdə, o cümlədən, Bakı 2015 Avropa oyunları və Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında könüllülər açılış və bağlanış mərasimlərinin uğurla keçməsinin aparıcı qüvvələri hesab edilir.
Paytaxt Bakıdan bir qədər aralı məsafədə yerləşən Qobustan, qayaüstü oyma sənətinin 40 000 illik tarixini özündə yaşadır. Dünyanı tanımağa çalışan ilk insan izlərinin aşkarlandığı bu məkan özünəməxsusluğu, qədimliyi və fərqliliyi ilə YUNESKO tərəfindən tanınmışdır.
15-ci əsrə məxsus Şirvanşahlar Sarayı ilə 21-ci əsrin tikilisi olan Alov qüllələri dünən ilə bügünün vahid harmoniyasıdır.
2015-ci ildə Bakı, tarixində ilk dədə olaraq 1-ci Avropa oyunlarına ev sahibliyi etdi. 50-dən artıq ölkədən yarışlara qatılan 6000-ə yaxın idmançı, 253 medal dəsti uğrunda mübarizə aparırdı.